Prezidentin köməkçisi: "ABŞ-la əvvəlki intensiv münasibətlər yoxdur, amma əlaqələr var"

"ABŞ Konqresinə təqdim olunan layihəni bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk. Kristofer Smitin anti-Azərbaycan təşəbbüslərinin isə sayı-hesabı yoxdur”.

 

APA TV-nin xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

 

O, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı dövlətlərarası münasibətlər ətrafındakı son vəziyyətdən də danışıb: "Son zamanlar səfərlərin və qarşılıqlı ünsiyyətin sayı azalıb. Amma buna baxmayaraq, davam edir. Bu yaxınlarda Birləşmiş Ştatların böyük nümayəndə heyəti Azərbaycana gəlmişdi. O cümlədən də səfirliklər, Xarici İşlər nazirlikləri və təhlükəsizlik qurumları çərçivəsində və digər sahələrdə əlaqələr davam edir. Bilirsiniz ki, ABŞ-Azərbaycan münasibətləri bir tərəfdən strateji, digər tərəfdən enerji və təhlükəsizlik sahəsində əməkdaşlıqdan ibarətdir. O cümlədən demokratiya və insan hüquqları sahəsində. Əlbəttə, əvvəlki intensiv münasibətlər yoxdur, amma əlaqələr var. Düşünürəm ki, kifayət qədər də davam edir".

 

Əli Həsənov Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın demokratiya və insan hüquqları ilə bağlı komissiya yaradılmasına dair təklifin və müvafiq razılığın olması ilə əlaqəli çıxışına da münasibət bildirib. O deyib ki, V.Nulandın səfərindən sonra müəyyən təşəbbüslər olub, amma sonra bu dayandırılıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov