Dalaşan dostlarını ayıran gənc bıçaqlandı
Ötən gecə Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qanlı hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Şabran rayon sakini, 28 yaşlı Vüsal Məmmədov bıçaqlanıb. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun damarı kəsildiyi üçün xeyli qan itirib. Yaralı əməliyyat olunub, vəziyyəti orta ağırdır.
Loğman Məmmədov, həkim: “Yaralı gətirilərkən sol bazuda kəskin qanaxma var idi. Əməliyyat otağına verildi, qanaxma saxlanıldı. Damarın zədələnməsi şübhəsi var idi. Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə danışıqlardan sonra yaralı təcili yardım avtomobili ilə həmin mərkəzin damar cərrahiyyəsi şöbəsinə aparıldı”.
İlkin məlumata görə, Vüsal Məmmədov dostları arasında yaranan mübahisəni sakitləşdirmək istəyərkən bıçaqlanıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.