Bakıda qardaş qardaşı amansızlıqla qətlə yetirdi
Bakıda qətl hadisəsi törədilib. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi-3 ünvanında baş verib.
45 yaşlı Elxan Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib. Mübahisə zamanı Elxan Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Əbülfət Həbibovun başına armatur parçası ilə də dəfələrlə vurub. Nəticədə 43 yaşlı Əbülfət Həbibov hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Qardaşını amansızlıqla qətlə yetirən Elxan Həbibov saxlanılıb. Nərimanov rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
APA TV-nin əldə etdiyi məlumata görə, Elxan Həbibov ruhi xəstədir. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həbibovların ruhi xəstə olan daha bir qardaşı isə bir neçə il əvvəl yaşadıqları mənzilin eyvanından özünü ataraq intihar edib.