Sarayda “ciyər axşamı”nda qətl: toy baş tutmadı
Abşeron rayonunda qətl hadisəsi törədilib. APA TV-nin məlumatına görə, toydan bir gün əvvəl təşkil olunan “ciyər axşamı”nda düşən mübahisə bir nəfərin ölümünə səbəb olub.
Hadisə Saray qəsəbəsindəki Rövşən Nəbiyev küçəsi-23 ünvanında qeydə alınıb. Toya hazırlıq görən Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün “ciyər axşamı” məclisi təşkil ediblər. Məclisdə iştirak edən qonaqlardan biri, toyu olacaq gəncin babası Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə etdiyi şəxs butulka ilə Arif Ağayevin başından vurub, sonra isə qaçmağa çalışıb. Arif Ağayev isə üstündə gəzdirdiyi bıçaqla onu qovmağa başlayıb. Arif Ağayevin bıçaqla hədələdiyi şəxsin yeznəsi, eyni zamanda ev sahibi Seyran Ağayevin qaynı, 45 yaşlı Əlibaba Məmmədov dalaşanları ayırmaq istəyib. Bu zaman bıçaq onun döş nahiyəsinə dəyib. Yaralı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Seyran Ağayev, ev sahibi: “Vuran mənim qardaşım oğludur. Nanəcibin, biqeyrətin biridir. Birinci dəfə deyil. Üçüncü dəfədir hadisə törədir. Mənim məclisimi korladınız. Bütün xərcim batdı. Ət qoyulub anbar kimi qalıb orda”.
Cinayəti törədən Arif Ağayev Əlibaba Məmmədovun öldüyünü gördükdən sonra hadisə yerini tərk edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onun yerinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, Arif Ağayev əvvəllər də adam bıçaqladığına görə məhkumluq həyatı yaşayıb.