Oğrunun qəribə peşmanlığı: “50-100 min aparsaydım...”
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları Hövsan qəsəbəsində iki ev və bir mağaza qarət etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
APA TV-nin məlumatına görə, 32 yaşlı Vüsal Şair oğlu Sadıqov Bakı şəhər sakini Həmidağa Quliyevin şikayət ərizəsi əsasında tutulub.
Hövsan qəsəbəsində mağaza işlədən Quliyev mağazasının gecə saatlarında naməlum şəxs tərəfindən qarət edildiyini bildirib. Hadisə yerinə baxış keçirən əməliyyatçılar oğrunun dam örtüyünü sökərək daxil olduğunu dəqiqləşdiriblər. Oğurluğu törətməkdə şübhəli bilinən 32 yaşlı Vüsal Sadıqovu polis əməkdaşları mühafizə kameralarının görüntüləri əsasında müəyyənləşdiriblər. Yaxalanaraq istintaqa təhvil verilən Vüsal mağazanı qarət etməyi əvvəlcədən planlaşdırdığını bildirib: “Gecə saat 3 idi, 4-ə işləyirdi. İki-üç qonşunun həyətindən keçdim, qalxdım yuxarı. Bıçaqla şiferi kəsdim, düşdüm içəri. Amma kameranın məni çəkdiyinə fikir verməmişəm, xəbərim olmayıb”.
Bundan əlavə Vüsal Sadıqov həyətində fəhlə kimi çalışdığı Aynurə Abbasovanın evindən qızıl-zinət əşyaları oğurladığını da etiraf edib. Vüsalın sözlərinə görə, ev sahibinin bağında quyu qazan zaman ondan müəyyən əşyaları evə daşımasını xahiş ediblər: “Günorta idi. İşlədim-işlədim, gördüm nəsə alınmır, işləyə bilmirəm. Qızıl, gümüş, bir də fotoaparatı götürdüm. Apardım satdım, pul elədim”.
Vüsal növbəti oğurluğu Samir Paşayevə məxsus sexdən edib. Sadıqov hər üç oğurluğu, eləcə də bir müddət əvvəl yaxın dostunu bıçaqladığını etiraf edib. Belə ki, Əli adlı dostu avtomobilini təmir etmək üçün ondan bir ay müddətinə 350 dollar pul istəyib. Özündə pul olmadığından Vüsal həmin məbləği bacısından alaraq ona verib. Bir aya qaytarılmalı pul 5 ay ərzində qayıtmayıb və Vüsal Sadıqov dostunu bıçaqlayıb.
Vüsal Sadıqovun peşmanlığı tutduğu əmələ görə yox, oğurluq yolu ilə əldə etdiyi pulun azlığına görədir: “Belə peşmanam. Ona görə ki, elə bir “krupnı summa” yox idi. İndi gəl 500 manata görə 3-5 il otur içəridə. Ona görə belə peşmanam. Belə yox. 50-100 min aparsaydım, “peşmanam” sözünü heç vaxt deməzdim”.
Faktlarla əlaqədar Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.