Astarada qonşunun evindən oğurluq edən keçmiş məhkum tutuldu

Astarada özgənin əmlakına qənim kəsilən şəxs ifşa olunub. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Şahağacı kənd sakini, 1981-ci il təvəllüdlü Vüqar Süleymanov müxtəlif vaxtlarda həmkəndlisi Gülşən Əhədovanın fərdi yaşayış evindən və həyətyanı sahəsindən oğurluq etməkdə şübhəli bilinərək yaxalanıb.

 

İlkin araşdırmalardan sonra məlum olub ki, saxlanılan şəxs əvvəlcə həmkəndlisinin həyətindəki ev quşlarına tamah salaraq onları oğurlayıb. Cinayətinin cəzasız qalacağını düşünən Vüqar Süleymanov növbəti dəfə Gülşən Əhədovanın evindən 2 ədəd balıqçı torunu, bir müddət keçəndən sonra isə balıq ovu üçün istifadə olunan müxtəlif avadanlıqları, o cümlədən rezin kombinezonu götürərək mənimsəyib. Oğurladıqları əşyaları isə o, dəyər-dəyməzinə sataraq əldə etdiyi pula spirtli içki alıb.

 

Əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan Vüqar Süleymanov istintaqa ifadəsində törətdiyi əməlindən peşman olduğunu etiraf edib.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv