Lənkəranda poçtu ikinci dəfə soydular

Lənkəranda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə “Azərpoçt” MMC-nin Lənkəran Regional Poçt Filialının rayonun Sütəmurdov kəndindəki poçt şöbəsində qeydə alınıb.

 

Naməlum şəxs və ya şəxslər poçtun qapısını sındırmaqla içəri daxil olaraq, oradan dəmir seyfi özləri ilə aparıblar.

 

Lənkəran regional poçt filialının rəis müavini Elmar Abdullayevin sözlərinə görə, seyfdə poçta aid sənədlər, o cümlədən 66 manat nağd pul, möhür və ştamp olub: "Əsasən içəridən dəmir, yanmayan seyf oğurlanmış, dəmir seyfin içində 66 manat kassa qalığı nağd pul vəsaiti, şöbənin təqvim möhürü, bir də ciddi hesabat qəbzləri oğurlanıb. Bir də vətəndaşlara gedən məktublar cırılmış halda aşkar edilib".

 

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib. Polis əməkdaşları hazırda faktla bağlı araşdırma aparırlar.

 

Qeyd edək ki, bu, sözügedən şöbədən edilən ikinci oğurluq hadisəsidir. Birinci  oğurluq hadisəsinin üstünü hələ də açmaq mümkün olmayıb.

 

Müəllif | Apa.Tv