Bir ay öncə intihara cəhd edən İsmayıllı sakini özünü asdı
İsmayıllı şəhərində bir ay öncə özünü güllələyən, amma sağ qalan 67 yaşlı kişi özünü öldürüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb.
Şəhər sakini, 1948-ci il təvəllüdlü Teymurxan Məmmədəli oğlu Süleymanov yaşadığı evin həyətindəki toyuq damında özünü asaraq intihar edib. Uzun illərdir ovçuluqla məşğul olan Teymurxan Süleymanov hadisə yerində dünyasını dəyişib. Dörd uşaq atası Teymurxan Süleymanovun bir ayda ikinci dəfədir özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Qeyd edək ki, Teymurxan Süleymanov ötən ayın 20-də ov tüfəngindən atəş açaraq özünü yaralamışdı. Başından və çənəsindən ağır güllə yarası alan Teymurxan Süleymanov təcili tibbi yardım avtomobili ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Ona ilkin tibbi yardım göstərilsə də, sonradan vəziyyəti ağırlaşdığından, müalicə üçün Bakı şəhərindəki Klinik Tibbi Mərkəzə göndərilib.
Teymurxan Süleymanov övladlarına və həkimlərə cərrahiyə əməliyyatı olunmaq istəmədiyini bildirib. Onun etirazına baxmayaraq, Teymurxan Süleymanov əməliyyat edilib. O, müalicə olunaraq dünən axşam İsmayıllı şəhərindəki evinə gətirilsə də, bu gün özünü asaraq öldürüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.