Göyçayda toydan qayıdan avtomobillər toqquşdu: 3 ölü, 5 yaralı

Göyçayda toy mərasimindən qayıdan avtomobillər toqquşub, nəticədə 3 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 190-cı kilometrliyində, Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində qeydə alınıb.

 

10 UG 540 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn 90 XL 615 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə toqquşub. Hadisə zamanı Göyçayın Şahsoltanlı kənd sakini, 1961-ci il təvəllüdlü Nərgiz Vəlimirzə qızı Kərimova, Qaraməryəm kənd sakini, 1954-cü il təvəllüdlü Aleksandr Xanbutov, İsmayıllının Quşencə kənd sakini, 1982-ci il təvəllüdlü Fizuli Slavik oğlu Kamilov dünyasını dəyişib.

 

Şahsoltanlı kənd sakinləri - 1958-ci il təvəllüdlü Qəhrəman Yediyarov, onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Rəqibə Yediyarova, 1969-cu il təvəllüdlü Raqib Vəlimirzə oğlu İsrafilov, 1988-ci il təvəllüdlü Ramin Ələkbər oğlu İsayev və 1972-ci il təvəllüdlü Məhluqə İsrafilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov