Azərbaycan Tacikistana humanitar yardım göndərdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayəti ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

 

APA TV-nin məlumatına görə, humanitar yardım Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə göndərilib.

 

Qeyd edək ki, humanitar yardımın yola salınması mərasimində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Tacikistanın Azərbaycandakı  səfirliyinin I katibi Salimi Xatloni iştirak ediblər.

 

Faiq Tağı-zadə: "Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi cari ilin dekabrın 27-də Azərbaycan hökuməti adından Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə yolu ilə humanitar yardım karvanını yola salır. 11 yük maşınından ibarət, ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşəkağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv. m dam örtüyü (dəmir şifer) və 30 kubmetr taxta daxildir".

 

Müəllif | Apa.Tv