Zaqatalada iki qəza: 1 ölü, 6 yaralı

İstirahət günləri Zaqatalada baş verən iki yol qəzası nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

APA TV-nin məlumatına görə, dekabrın 26-da axşam saat 20:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhərinin girişindən keçən hissəsində ağır zəncirvarı yol qəzası baş verib.

 

Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseyn Bayram oğlu Kərimovun idarə etdiyi “VAZ-2106” markalı 62 BD 725 dövlət nömrə nişanlı minik avtomobili, Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Fərid Fazil oğlu Ramazanovun idarə etdiyi “VAZ-21074” markalı 62 BD 773 dövlət nömrə nişanlı minik avtomobili və Zaqatala rayonunun Aşağı Tala kənd sakini Elvin Cəbrayıl oğlu Həsənzadənin idarə etdiyi “Lada Priora” markalı 99 FP 072 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub.

 

Qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Hüseyn Kərimov Zaqatala RMX-a aparılarkən yolda ölüb. “Lada Priora”nın sürücüsü Elvin Həsənzadə, “VAZ 21074” markalı avtomobilin sürücüsü Fərid Ramazanov və "VAZ-2106" markalı avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini, 1990-cı il təvəllüdlü Şükür Məhəmməd oğlu Səmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, yaralılardan Elvin Həsənzadənin vəziyyəti ağır olduğundan, ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər yaralılar Fərid Ramazanov və Şükür Səmədov xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.


Üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası isə dekabrın 27-də saat 16:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Bərdə rayon sakini, 1964-cü il təvəllüdlü Ramiz Əvəz oğlu Əzizovun idarəetdiyi “Jeep” markalı, 09 BJ 700 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonunun Muxax kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət İsa oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı 62 BK 173 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Qəzadan sonra "Jeep" və "Mercedes" markalı avtomobillərin sürücüləri xəsarət almasa da, "Mercedes" markalı avtomobildə olan sərnişinlər - sürücü Qüdrət Orucovun qızı, 2010-cu il təvəllüdlü Aysu Orucova, Aşağı Tala kəndində ərdə olan bacısı, 1983-cü il təvəllüdlü Nüşabə Kələşova və Bakı şəhərində yaşayan bacısı, 1971-ci il təvəllüdlü Zemfira Orucova müxtəlif xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, yaralılardan 44 yaşlı Zemfira Orucova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 5 yaşlı Aysu Orucovanın və 32 yaşlı Nüşabə Kələşovanın xəsarətləri yüngül olduğundan, həkim müayinəsindən sonra evə buraxılıblar.

 

Hər iki faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov