Göyçayda 3 otaqlı ev külə döndü
Göyçayda fərdi yaşayış evi yanıb. APA TV-nin yeli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 4:00 radələrində Göyçay şəhərinin Ü.Hacıbəyov küçəsindəki 72 saylı ünvanda qeydə alınıb.
Şəhər sakini, 1966-cı il təvəllüdlü Novruz Məmmədşah oğlu Əzizova məxsus mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ümumi sahəsi 90 kvadratmetr olan 3 otaqlı ev içindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Evdə yaşayış olmadığı üçün qonşular yanğından gec xəbər tutublar və yanğından mühafizə hissəsinə vaxtında məlumat verilməyib. Yanğınsöndürənlər evə bitişik 50 kv. metrlik talvarı və yaxınlıqdakı 2 evi alovdan mühafizə ediblər. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.