DİN: Xarici valyutanın qanunsuz mübadiləsi ilə məşğul olan 3 nəfər saxlanılıb
Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb.
Həmin göstərişdə aidiyyəti qurumlarla birgə qanunvericiliyə əsasən operativ tədbirlərin, o cümlədən valyuta tənzimi haqqında mövcud qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasını və ya dəyişdirilməsini həyata keçirən şəxslərin müəyyənləşdirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə uyğun olaraq (inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə) müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur: “Artıq göstərişin tələblərinə uyğun olaraq polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirilməsinə qarşı tədbirlərə başlanılıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”.