Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışında iştirak edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.
Baş nazirin müavini Abid Şərifov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov görülən işlərlə bağlı prezident İlham Əliyevə ətraflı məlumat veriblər. Qeyd edilib ki, “Nizami-Memar Əcəmi” buraxılış kompleksinə daxil olan “Elmlər Akademiyası” stansiyası bir çıxışla 1985-ci ildə istismara verilib. “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisinə qərar verilib və artıq inşaat işləri başa çatıb.
Dövlət başçısı “Elmlər Akademiyası” stansiyasının planına və görülən işləri əks etdirən fotostendə baxıb.
“Elmlər Akademiyası”nın ikinci giriş-çıxışının istismara verilməsi Bakı Metropoliteni üçün əhəmiyyətli hadisələrdəndir. İkinci çıxışın tikintisində əsas məqsəd sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsidir. Metronun dərin özüllü yeddi stansiyasından biri olan “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışla təmin edilməsi Dövlət Proqramında da xüsusi bəndlə qeyd olunub. Stansiyanın dörd çıxışından ikisi AMEA-nın İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşir, digəri isə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətindədir. Sonuncu çıxış Bakı Dövlət Universitetinə istiqamətlənib.