Ucarda ticarət mərkəzində yanğın: 5 ticarət köşkü yandı

Ucarda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən axşam saat 21:30 radələrində baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Ucar şəhərində ümumi sahəsi 10000 kv. m olan ticarət mərkəzində sahibləri məlum olmayan, bir-birinə bitişik, arakəsmə divarı lambirdən ibarət 5 ədəd ticarət köşkünün yanar konstruksiyaları 76 kv. m sahədə yanıb.

 

Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Müəllif | Apa.Tv
Zahid Abışov