Binədə toy evini soydular
Bakıda toy evindən oğurluq edilib. APA TV-nin xəbərinə görə, övladlarının şad gününü qeyd edən Abbasəliyevlər ailəsi çağırılmamış qonaqların çirkin əməlinə məruz qalıblar.
Toy mərasimindən sonra yaşadıqları Binə qəsəbəsi, Ramiz Məcidov küçəsi-48 ünvanındakı evinə qayıdan ailə üzvlərinin əhvalını gördükləri mənzərə korlayıb.
Zərərçəkən Taleh Abbasəliyevin sözlərinə görə, naməlum şəxs və ya şəxslər evə birinci mərtəbədəki pəncərələrin birindən daxil olublar. Hər iki mərtəbədə axtarış aparan qarətçilərin əlinə yalnız qızıl-zinət əşyaları keçib: “Demək olar ki, bütün otaqlara giriblər - hamama, mətbəxə qədər. Evdə pul olmayıb. Qızıl-zinət əşyaları aparıblar. İki klon, bacıqızının sepi, bir də mənim nişan üzüyüm”.
Cinayətin baş verdiyi ünvana Xəzər Rayon Polis İdarəsinin və 2-ci Polis Bölməsinin əməkdaşları gəlib. Kriminalistlər evdə cinayətkarı müəyyən etməyə yardım edəcək maddi sübutların axtarışını həyata keçiriblər.
Əməliyyatçıların gəldiyi ilkin qənaətə görə, Abbasəliyevlər ailəsinin evinə soxulan şəxs kənar adam olmayıb. Toy məclisinin olacağını və evin qorunmayacağını əvvəldən bilən şəxs fürsətdən istifadə edib.