Bakıda söyüş üstündə qətl: 29 yaşlı gənci qonşusu öldürdü
Bakının Binəqədi rayonu ərazisində iki qonşunun mübahisəsi qətllə nəticələnib. APA TV-nin xəbərinə görə, hadisə Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsindəki 31 saylı binanın qarşısında qeydə alınıb.
Həmin binada yaşayan 32 yaşlı Kamran Vahid oğlu Bağırov məhəllədə dayanaraq, qonşuluqda yaşayan digər gənclərlə söhbət edirmiş. Onun sözlərinə görə, bu vaxt 29 yaşlı Cümşüd Əsədulla oğlu Rüstəmov da onlara yaxınlaşıb: “Allah rəhmət eləsin, Cümşüd toydan gəlirdi. İçkili idi. Salamlaşdıq. Sonra nə üstündəsə mübahisə düşdü. Başladı söyüş söyməyə. Bir neçə dəfə xəbərdarlıq etdim ki, söyməsin. Amma söyüşlərini davam etdirdi. Əvvəlcə kəllə ilə vurdum. Yenə söydü. Mən də bıçaqladım”.
Kamran Bağırov baş verənlərə görə peşmanlıq çəkdiyini də gizlətmir. Onun sözlərinə görə, sərxoş Cümşüd Rüstəmov digər qonşularla, daha sonra onunla söyüş dolu zarafat etməsəydi, belə hadisə baş verməzdi: “İçkilisən, başa düşdük. Hətta uşaqlar da şahiddir ki, onlar toydan gələndə özünə dedim ki, “brat, o gün olsun sənin toyun olsun”. Sonra özü fırlatdı “spornı” məsələyə. Axırda da belə hadisə baş verdi”.
Kamran Bağırov Cümşüdü bıçaqladıqdan sonra könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb.