Əfv sərəncamının icrasına başlandı
Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı əfv sərəncamının bu gündən icrasına başlanıb.
APA TV-nin xəbərinə görə, qadın məhkumların saxlanıldığı 4 saylı Cəzaçəkmə Müəssisəsində bu münasibətlə keçirilən mərasimə Dövlət Himninin səslənməsi ilə start verilib.
Müəssisədə bu sərəncamla azadlığa buraxılan məhkumların sayı 3 nəfər təşkil edir. Onların arasında əcnəbi vətəndaşlar da var. Əfv olunanlara bununla bağlı müvafiq sənədi Ədliyyə Nazirliyinin nümayəndələri təqdim edib.
Artıq keçmiş məhbus sayılan şəxslər ilk azadlıq təəssüratlarını jurnalistlərlə bölüşüb.
Sak Makara (Kamboca): "Mən çox sevindim, çox. Hələ də özüm inanmıram. Çünki cəzaçəkmə müddətimin bitməsinə hələ çox qalmışdı. Çox sağ olun, çox minnətdaram".
Nurgül Baysanova (Qazaxıstan): "Bugünkü xoş təəssüratlara görə mən hər kəsə, o cümlədən cənab prezidentə və müəssisənin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Hər şey üçün təşəkkür edirəm. Azadlıqda olmaq çox gözəl hissdir".
Zöhrə İsgəndərova: "Bu gün mən çox həyəcanlıyam, həm də çox sevincliyəm. Hələ də inana bilmirəm ki, mən azadlığıma qovuşmuşam. Anam bayırda çox gözləyib. Mən də öz növbəmdə məhkumların adından prezidentimiz İlham Əliyevi, onun ailəsini təbrik edirəm. Çox sağ olsun. Allah razı olsun, məni balama qovuşdurdu".
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində bu əfv sərəncamı üzrə ümumilikdə 19 nəfər azadlığa çıxır.
Bu sərəncamın şamil edildiyi məhkumlardan biri də Nigeriya vətəndaşı Fadeybi Mosesdir: "Mən çox xoşbəxtəm, çox şadam. Prezidentə çox təşəkkür edirəm. Altı ildir ki, burada cəza çəkirəm. Çox sevinirəm".
16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 4 məhkum bu sərəncamla Yeni ili öz ailəsi ilə birlikdə qeyd edəcək. Belə insanlardan biri Elvin Müslümzadə sevincini jurnalistlərlə bölüşüb: "Allah prezidentimizdən razı olsun. İnşallah, içəridə olan dustaqları da gələn il əfv eləsin".
Qeyd edək ki, sonuncu əfv sərəncamı ilə 210 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.