Generallar "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsinə baş çəkdilər
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq Körpü” dövlət sərhəd-buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.
APA TV-nin qərb bürosunun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dövlət sərhəd-buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətini yoxlamaq məqsədi daşıyan tanışlıq zamanı sərhəd və gömrük xidmətlərinin rəhbərləri “Sınıq Körpü” buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin sərhəddə buraxılış vəziyyətini öyrənib, dövlət sərhədindən keçən şəxslər və yük avtomobillərinin sürücüləri ilə söhbətdə onların problemləri ilə maraqlanıblar.
Son zamanlar “Sınıq Körpü” dövlət sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.
Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.