Bərdədə minik maşını "QAZel"lə toqquşdu: 1 ölü
Bərdədə baş verən yol qəzası nəticəsində sürücü həyatını itirib. APA TV-nin Qarabğ bürosunun xəbərinə görə, hadisə Yevlax-Ağcabədi yolunda qeydə alınıb.
Rayonun Qaravəlli kənd sakini Samir Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil qarşıdan gələn Ağcabədi rayonunun Kəhrizli kənd sakini Hüseyn Cəfərovun idarə etdiyi "QAZel" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə 1981-ci il təvəllüdlü sürücü Samir Bayramov, sərnişinləri - 1982-ci il təvəllüdlü Rauf Quliyev, 1984-cü il təvəllüdlü Sevinc Quliyeva və 2002-ci il təvəllüdlü Uğurbəyli Cəfərov ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Samir Bayramovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti də ağır qiymətləndirilir.
"QAZel"in sürücüsü Hüseyn Cəfərov Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti orta ağırdır.
Bərdə Rayon Polis Şöbəsində hadisənin səbəbləri araşdırılır.