Horadiz əməliyyatından 22 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin 1993-cü ildə keçirdiyi Horadiz hücum əməliyyatından 22  il ötür.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ümummilli lider Heydər Əliyevin göstərişi ilə 1993-cü il dekabrın 28-də Horadiz əməliyyatına start verilib.

 

Əməliyyatda 702 saylı hərbi hissə ilə yanaşı, Füzuli və ətraf rayonların polis əməkdaşları iştirak edib. Azərbaycan Ordusunun əsgərləri həmin gün axşam saatlarından başlayaraq Beyləqan rayonunu istiqamətindən hücuma keçib və erməni işğalı altında olan yaşayış məntəqələrini azad edib. Arazboyu yaşayış məntəqələrinin ermənilərdən təmizlənməsi uğrunda gedən döyüşlər 1994-cü il yanvarın 5-dək davam edib. Bu, Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsi zamanı əldə saxlanılan ilk və yeganə zəfəri olub.

 

Ermənilər yaşayış məntəqələrini yandırdıqdan sonra tərk edib. Düşmənə məxsus yüzlərlə hərbi texnika, nəqliyyat vasitələri və çoxlu sayda silah-sursat Azərbaycan Ordusunun əlinə keçib. Döyüşlərdə ağır itki verən ermənilər cəsədləri götürmədən ərazini tərk edib. Uğurlu əməliyyat nəticəsində  Füzulinin 21 yaşayış məntəqəsi, 1 şəhər tipli qəsəbəsi, bu gün Cəbrayıl rayonunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndi erməni işğalından azad olunub.

 

İşğaldan azad olunan yaşayış məntəqələrində bu gün 30 min nəfərədək, Haramı düzünün azad olunan hissəsində salınan 17 qəsəbədə 20 min nəfərədək, təkcə Horadiz şəhərində isə 7 min nəfərdən çox, ümumilikdə 105 min nəfər əhalinin, 69800 nəfəri məcburi köçkün olan Füzuli sakinlərinin yenidən öz doğma yurduna qayıtmasına səbəb olub.

 

Müəllif | Apa.Tv
Apa.tv