Şəki Penitensiar Müəssisəsindən 12 məhbus azadlığa buraxıldı

Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı əfv sərəncamına əsasən Şəki Penitensiar Müəssisəsində cəza çəkən 12 məhbus azadlığa buraxılıb.

 

APA TV-nin məlumatına görə, bu münasibətlə müəssisədə təşkil edilmiş tədbirdə çıxış edən Şəki Penitensiar Müəssisəsinin rəhbəri Murtuz Sadıxov və digər natiqlər əfv edilən 12 məhbusu təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində bu ailələrə qismət olmuş ikiqat sevincin gələcəkdə digər məhkum və ailələrinə də nəsib olmasını arzulayıblar.

 

Tədbirdə əfv olunan 12 nəfərə buraxılış arayışı təqdim olunub.


Sonra əfv olunanlar azadlığa buraxılıb. Əfv olunanları müəssisənin qarşısında gözləyən yaxınları ölkə prezidentinə minnətdarlığını bildiriblər.

 

Qeyd edək ki, əfv olunanların 3-ü Şəki, 3-ü Mingəçevir, 2-si Yevlax, 1-i Ağdam, 1-i Ağsu, 1-i Balakən və 1-i Oğuz sakinidir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov