Daha 89 mənzil müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir olunmuş 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Onların ailə üzvlərinin sayına uyğun olaraq təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır.
APA TV-nin xəbərinə görə, Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib: "Növbəyə dayanmış imtiyazlı kateqoriyadan olan şəxslərin ailə tərkibindən asılı olaraq onlar 1, 2, 3 otaqlı mənzillərə hüquq əldə ediblər. 147 mənzil bu gördüyünüz bu çoxmərtəbəli binalardan satın alınıb. Ondan bu gün 89-u hazırdır və müvafiq qaydada təqdim edilir. Yerdə qalan mənzillərin də yaxın ayda əsaslı təmiri başa çatdırılacaq və onlar da növbəlilik əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim ediləcək. 751 ev və fərdi mənzil müvafiq qaydada növbədə duran vətəndaşlarımıza təqdim edilir. 2018-ci ilin dekabr ayının sonuna qədər yerdə qalan imtiyazlı kateqoriyadan olan insanlarımız da müvafiq qaydada respublikanın 5 şəhərində hazır çoxmərtəbəli binalardan mənzillərin satın alınması yolu ilə, digər kənd rayonlarında isə fərdi evlərin tikilməsi yolu ilə evlə təmin ediləcək".
Yeni mənzillərlə təmin olunan müharibə və şəhid ailələri mənzillərə sahib olduqları üçün təşəkkür edib və sevincli olduqlarını bildiriblər.
Qeyd edək ki, hazırda respublikamızın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.