Milli Məclisin 2015-ci ildə sonuncu plenar iclası keçirildi

Azərbaycan Milli Məclisinin (MM) 2015-ci ildə sonuncu plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, iclası MM sədri Oqtay Əsədov açıb.

 

İclas cari məsələlərin müzakirəsi ilə başlayıb. Millət vəkilləri bəzi dövlət komitə və agentliklərinin ləğv olunması təklifi ilə çıxış ediblər.

 

Deputat Zahid Oruc qeyd edib ki, hökumət manatın devalvasiyasından sonra yaranmış vəziyyətlə əlaqədar bir sıra komitələrin və agentliklərin fəaliyyətinə yenidən baxmalı və artıq məmur yükündən xilas olmalıdır.

 

Deputat Qüdrət Həsənquliyev isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun hələ də vəzifədə saxlanılmasına etiraz edib: "Naxçıvanbank"ın tətbiq etdiyi qərarın başqa banklar üçün tətbiqinin qeyri-mümkünlüyü barədə Mərkəzi Bankın açıqlaması qəbuledilməzdir. Bu cür yanaşma olmaz. Banklar 30-36 faizlə kredit verir. Zəhmət çəkib ən azı 370 nəfəri öz üzərinə götürüb köhnə faizlə kredit versinlər”.

 

Deputat Vahid Əhmədov 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılması barədə təkliflə çıxış edib.

 

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ hazırda araşdırılır və yaxın bir ay ərzində bununla bağlı tədbirlər planı açıqlanacaq: “Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək".

 

O.Əsədov bankların kreditlə bağlı probleminə də toxunub: “Bu məsələ planlı şəkildə həyata keçirilməlidir. 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.

 

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov son vaxtlar Azərbaycanın bəzi səfirliklərində çalışan diplomatlarla bağlı qalmaqalları xatırladaraq qeyd edib ki, xaricdəki səfirliklərin fəaliyyəti mütəmadi yoxlanılmalıdır. Komitə sədri diplomatları və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərini qənaət rejiminə keçməyə çağırıb.

 

Müzakirələr zamanı deputat Fazil Mustafa deyib ki, 5-6 dil bilən, peşəkar mütəxəssislər, diplomatlar var, amma onlar sərəncama götürüləndə maddi sıxıntı çəkirlər: “Bu cür kadrların qorunub saxlanması üçün tədbir görülməlidir ki, onlar sabah xarici ölkələrin kəşfiyyat orqanlarına işləmək məcburiyyətində qalmasınlar. İnsan çörəklə sınağa çəkilərsə, belə addımlar ata bilər. Bunu nəzərə almaq lazımdır”.

 

Siyavuş Novruzov təklif edib ki, xaricdə çalışan hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qayıtmalıdır: “Bir-iki il burada işləməlidir, lazım olarsa, yenidən başqa ölkələrə işləməyə göndərilməlidir. Bizim diplomatlarımız həm də hansısa ölkəyə getməzdən əvvəl o ölkəni öyrənməlidir. Eyni zamanda səfirlik bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Kim deputat olmursa, kimi vəzifədən çıxarırlarsa, deyirlər ki, göndərin səfir işləyim. Belə şey olmaz”.

 

Layihə səsə qoyularaq qəbul edilib. Bundan əlavə, Milli Məclisin bu gün keçirilən iclasında bir sıra sənədlərə dəyişiklik edilib.

 

Sonda parlament 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib. Spiker Oqtay Əsədov parlament adından Azərbaycan xalqını və prezident İlham Əliyevi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.

 

Bununla da Milli Məclisin 2015-ci ildə sonuncu plenar iclası başa çatıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı