Mingəçevirdə mənzildən qızıl və pul oğurlayan şəxs tutuldu
Mingəçevirdə törədilən oğurluq faktının üstü açılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə Mingəçevir şəhərində mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs tutulub.
Hadisə şəhərin Abdullayev küçəsində yerləşən 4 saylı binanın 11 saylı mənzilində qeydə alınıb. Şəhər sakini Nazim Məmmədov Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus evə gizli yolla daxil olaraq, oradan 1000 manatlıq qızıl-zinət əşyalarını və 1200 ABŞ dolları oğurlayıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs, Mingəçevir şəhər sakini 24 yaşlı Elşən Məmmədov saxlanılıb. İlkin istintaq zamanı o, törətdiyi əməlini tam şəkildə etiraf edib. İstintaq zamanı o da məlum olub ki, Elşən Məmmədov mənzilin qapısını kustar üsulla hazırladığı açarla açaraq içəri daxil olub. Hazırda polis əməkdaşları Elşən Məmmədovun digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.