Pakistanda qanlı terror: 20 nəfər öldü, çoxlu yaralı var
Pakistanda son bir ilin ən qanlı terror aktı törədilib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, ölkənin şimal-şərqindəki Mardane şəhərində terrorçu-kamikadze pasport-xidmətinin yerli şöbəsinin giriş qapılarını sındıraraq içəri daxil olub.
Yerli polisin məlumatına görə, onun niyyəti idarənin qarşısında yaranmış 400 nəfərlik izdihamın içərisinə sızmaq olub. Terrorçunun partlayıcı qurğunu işə salması nəticəsində ölənlərin sayının 20 nəfərdən çox olduğu deyilir. Rəsmilər hadisə nəticəsində 70 nəfərin yaralandığını da bildirirlər.
Terror aktına görə məsuliyyəti Pakistandakı "Taliban" hərəkatının tərkibindəki ekstremist qruplaşmalardan biri öz üzərinə götürüb.
Qeyd edək ki, bu, ötən ilin dekabr ayında Peşəvər şəhərindəki məktəbdə baş vermiş və 150 nəfərin ölümünə səbəb olmuş terror aktından sonra törədilən ən qanlı hadisədir.