Pentaqon: Paris qətliamının əsas təşkilatçısı məhv edilib
Pentaqon Suriyada Birləşmiş Ştatların başçılıq etdiyi antiterror koalisiyanın son aylar ərzində həyata keçirdiyi aviazərbələr nəticəsində 10 İŞİD liderinin məhv edildiyini açıqlayıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, onlardan birinin noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş terror aktlarının təşkilatçılarından olmuş və Fransadakı terror aktlarında bilavasitə rolu olan Əbdülhəmid Əbaudla əlaqələrə malik Şərəf əl-Murad adlı şəxs olduğu deyilir.
Amerika hərbi dairələrindən Şərəf əl-Muradın Avropada yeni terror aktları törətməyə hazırlaşdığı da bildirilir. Pentaqon həmçinin Rəmadi şəhərinin əksər hissəsinə nəzarəti ələ keçirmiş İraq ordusunun son uğurlarını da şərh edib: “Mən hesab edirəm ki, əsas döyüşün hələ qarşıda olduğu unudulmamalıdır. Mosulda mövcud olan vəziyyət Rəmadi şəhərindəki durumdan fərqlidir. Bu, miqyasına görə çox böyük bir şəhərdir və onun ələ keçirilməsi üçün xeyli güc, hazırlıq və səbir tələb olunur”.
Bununla belə, İraqın baş naziri Heydər əl-Abadi çərşənbə axşamı terrorçulardan azad edilmiş Rəmadi şəhərinə səfər edib. Şəhərin işğalçılardan təmizlənməsi ölkədə milli bayram günü elan edilib. Anbar əyalətinin tamamilə dağıdılmış paytaxtını sonadək əldə saxlamaq mümkün olsa, bu, hazırkı İraq hökumətinin önəmli uğurlarından biri olacaq.