Hacıqabul-Kürdəmir yolu yenidənqurmadan sonra istifadəyə verildi
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü kilometrliyi intervalında (80 km), Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, açılış mərasimində “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov iştirak edib.
Bildirilib ki, Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I dərəcəli texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrasına 2011-ci ilin dekabr ayında başlanılıb. Layihə üzrə örtüyü polimer asfalt-beton olan yolun ümumi eni 27,5 metr, hərəkət zolaqlarının sayı 4 olmaqla hər bir zolağın eni 3,75 metrdir.
Yenidənqurma layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən hidravlik körpünün inşası həyata keçirilib. Bundan başqa, yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd dairəvi suötürücü və 24 ədəd avtobus dayanacağı tikilib.
Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün yolboyu müvafiq yol nişanlarının quraşdırılması, yol cizgi xəttinin və yol göstərici xətlərinin çəkilişi aparılıb, ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilib.