Moskva və Vaşinqton arasında Əsəd davası: Putin tələb irəli sürdü

Kreml rəhbəri Vladimir Putin Birləşmiş Ştatların dövlət katibi Con Kerridən Suriya dövlət başçısı Bəşər Əsədin ölkədə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirakına şərait yaradılmasını tələb edib.

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, görüş zamanı Rusiya prezidenti belə olan halda Bəşər Əsədin şübhəsiz seçkilərdə qalib gələcəyinə əminliyini də ifadə edib.

 

Putin silahlı qarşıdurmanın dayandırılacağı təqdirdə Rusiya tərəfinin müxalif qruplaşmaların ölkədəki siyasi prosesdə iştirakına qarşı olmadığını da bildirib. Con Kerri isə Kreml rəhbərinin mövqeyi ilə razılaşmadıqlarını dilə gətirib. O deyib ki, Birləşmiş Ştatlar Bəşər Əsədin seçkilərdə qalib olma şanslarını minimuma endirəcək səsvermə qaydaları üzərində işləyir.

 

Qeyd edək ki, dekabrın ortalarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Con Kerri arasındakı üç saatdan artıq davam edən danışıqlar zamanı Suriya münaqişəsinin həlli və beynəlxalq terrorizmlə mübarizə məsələsində güclərin birləşdirilməsi ətrafında fikir mübadiləsi aparılmışdı.

Müəllif | Apa.Tv
Apa.tv