Elman Abdullayev: "Sərkisyan əvvəlcə dönüb öz ölkəsinə baxsın..."
"Ermənistan prezidenti həm özünə, həm də beynəlxalq norma və prinsiplərə zidd çıxışlar edir".
Bunu APA TV-yə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Soçidə keçirilən iclasında Serj Sərkisyanın təşkilatın bəzi üzvlərini Ermənistanla bağlı mövqeyinə, xüsusilə Dağlıq Qarabağ məsələsində uyğun olmayan qərarların qəbuluna görə pisləməsi məsələsinə münasibət bildirərkən deyib.
Nazilik sözçüsü bildirib ki, Ermənistan prezidenti ərazi bütövlüyü prinsipinə normal yanaşırsa, onda Azərbaycanın işğal olunmuş ərazilərini niyə boşaltmırlar.
Elman Abdullayev Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanda ermənilərə nifrət olması ilə bağlı çıxışına da münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda 30 000 yaxın erməni yaşayır və onların hüquqları heç bir zaman pozulmayıb. O, Azərbaycanın daim Cənubi Qafqazın tolerantlıq mərkəzi olduğunu qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, təsadüfi deyil ki, tolerantlıqla bağlı bütün beynəlxalq tədbirlər, humanitar forumlar, sivilizasiya və mədəniyyətlərarası dialoqlar məhz Azərbaycanda keçirilir.