Bakı-Sumqayıt yolunda əmələ gəlmiş çatlar genişlənib
Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda çatlar daha da genişlənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA TV-yə açıqlamasında çatların genişlənməsinə sürüşmənin səbəb olmadığını deyib. Onun sözlərinə görə, yolun çatlamış hissəsinə su yığılıb və nəticədə çökmə baş verib. Ələmdar Piriyev bildirib ki, yaranmış problemlərlə bağlı müvafiq qurumlara məlumat verilib, hal-hazırda həmin ərazidə işlər aparılır.
Qeyd edək ki, Bakının əsas yollarından birində, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bir müddət əvvəl sürüşmə qeydə alınıb. Bununla bağlı ərazidə çökmə prosesinin dinamikasında fəallaşma müşahidə olunub.