“Xəzər” TV-nin yeni binasının açılış mərasimi keçirildi

Bu gün “Xəzər” TV-nin “Bakı Ağ Şəhər” kompleksində inşa edilmiş yeni binasının açılış mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, açılış mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Televiziya və Radio Yayımları Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, aparıcı KİV rəhbərləri və bir qrup millət vəkili iştirak edib.

 

Qeyd olunub ki, “Xəzər” televiziyasının Xətai rayonunda yerləşən inzibati binasında ümumilikdə 265 otaq mövcuddur. Binada sahəsi 1000 kvadratmetr olan böyük şou studiyası, 3 efir studiyası, 2 avtodayanacaq, Xəzər Media Təlim Mərkəzi, jurnalistlərin övladları üçün uşaq bağçası, tibb otağı var.

 

Mərasimdə çıxış edən Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib ki, "Xəzər" TV-nin inzibati binası son illər Azərbaycanda həyata keçirilən quruculuq meyarlarına, müasir televiziyanın bütün tələblərinə cavab verir: “Bu gün Bakı şəhərini müasirləşdirən, gözəlləşdirən və dünyanın inkişaf etmiş paytaxtları ilə bir cərgəyə çıxaran genişmiqyaslı işlərin memarı prezident İlham Əliyevdir. Bizim bütün nailiyyətlərimizin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurla davam etdirilməsi amili durur”.

 

Ə.Həsənov Azərbaycanda mili dəyərlərin, xalqımızın adət-ənənələrin bərqərar olduğunu vurğulayıb: “Televiziya bu ənənələrin yaşamasına öz dəyərli töhfəsini verməli, onları daha da zənginləşdirməlidir”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı