Azərbaycan prezidenti Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında iştirak edib
Dekabrın 30-da Bakının Xəzər rayonunda Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.
APA TV-nin məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.
Sonra dövlət başçısı Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev və ailə üzvləri elektromobillə Mərkəzin ərazisini gəzib, Zirə Mədəniyyət Mərkəzinin ətrafında salınan eko-parkda yaradılan şəraitlə tanış olublar.
Ərazi ilə tanışlıqdan sonra prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkiblər.