DSX-nın Aviasiya Dəstəsinin yeni qarnizonu istifadəyə verilib

Dekabrın 30-da Dövlət Sərhəd Xidmətinin Aviasiya Dəstəsinə döyüş bayrağının təqdim edilməsi, dəstənin yeni inşa olunmuş qarnizon kompleksinin, əsaslı şəkildə yenidən qurulmuş texniki-istismar sahəsinin xidməti istifadə verilməsi və yeni alınmış xüsusi texnikalara baxış keçirilməsi məqsədilə mərasim keçirilib.

 

DSX-dan APA TV-yə verilən məlumata görə, tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadə verilməsi,  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, Hərbi Hissənin Döyüş Bayrağını təqdim edib.

 

Tədbirdə xüsusilə qeyd edilib ki, Səngəçal Hərbi Aerodromu Heydər Əliyevin göstərişi ilə 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin istifadəsinə verilib və burada Aviasiya Dəstəsi yaradılıb. Son illərdə prezident, Ali baş komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində aviasiya dəstəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb.

 

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hərbi hissənin qərargahı, kazarma binası, əsgər yeməkxanası və istirahət otaqlarına baxış keçirib. Bildirilib ki, burada yerləşən xidməti otaqlar lazımi alət və avadanlıqlarla təchiz edilib. Hərbi Hissədə inşa edilən tibb məntəqəsi ilə tanışlıq zamanı məlumat verilib ki, burada şəxsi heyətə yüksək tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Daha sonra anqarlarda helikopterlər, silah sistemləri və yerüstü avadanlıqların təqdimatı olub.

 

Xidmət rəisi aviasiya dəstəsinin avtomobil parkındakı xüsusi təyinatlı avtomobillərə də baxış keçirib. Elçin Quliyevə Komanda-İdarəetmə Mərkəzində əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparıldığı barəsində də məlumat verilib. Ardınca, qrup tərkibində uçuşların izlənməsi və idarə edilməsi mərkəzinin təqdimatı keçirilib, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.  Sonda Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyətlə birgə nahar edib.

Müəllif | Apa.Tv
Apa.tv