Azərbaycanın şimal bölgəsində dağlıq ərazilərə güclü qar yağıb, bəzi yollar bağlanıb
Azərbaycanın Şimal bölgəsinə yağan güclü qar bir sıra problemlər yaradıb. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib. Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından APA TV-nın yerli bürosuna verilən məlumata görə, bir neçə ucqar dağ kəndinə gedən yol bağlanıb. Rayon daxili yolların, Bakı-Quba və Bakı - Quba -Rusiya Federasiyası dövlət sərhədi yolunun qardan təmizlənməsi üçün texnika cəlb olunub.
Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından APA TV- yə verilən məlumata görə, Qusar-Sudur yolu istiqamətində yol bağlanıb və bu istiqamətdə olan bir neçə kəndlə əlaqə kəsilib.
Xaçmaz rayonunda elektrik enerjisinin verilişində problemlər yaranıb. Xətlərdə açılmalar olub, problemlərin aradan qaldırılması üçün işlər görülür.
Quba Regional Hidrometeorologiya Mərkəzindən APA TV -nın yerli bürosuna verilən məlumata görə, dağlıq ərazilərə 85 sm qar yağıb. Temperatur mənfi 13 dərəcəyə düşüb. Qubanın Qırız kəndində qarın qalınlığı 84 sm, Xınalıq kəndində 82 sm, Quba şəhərində 43 sm, Qusarın Ləzə kəndində 85 sm, Qusar şəhərində 50 sm, Xaçmazda 29 sm, Siyəzəndə 20 sm-dir.