Azərbaycanda ekoloji problemlərin həllində təcrübə mübadiləsi üçün platforma yaradılır

Bu gün Bakıda “GreenEvo - Yaşıl Texnologiyaların Akseleratoru” layihəsinin qaliblərinin növbəti təqdimat mərasimi keçirildi. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda “GreenEvo” layihəsi barədə tədbir iştirakçılara qısa məlumat verdi. Bildirdi ki, proqramın əsas məqsədlərdən biri təcrübə mübadiləsi üçün platforma yaratmaqdır, ətraf mühitin qorunması ilə bağlı texnologiyaların xarici bazarlara çatdırılmasıdır. Səfir qeyd etdi ki, bu gün qalib gələn Polşa şirkətləri əsasən tullantıların yenidən istifadə olunması, çirkab suların təmizlənməsi, biomüxtəlifliyinin qorunması sahəsində fəaliyyət göstərir.

 

Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov isə bildirdi ki, bugünkü tədbirdə Polşadan 14, Azərbaycandan 40 şirkətin nümayəndələri iştirak edirlər. Azərbaycanın ekoloji sahəyə böyük diqqət yetirdiyini deyən nazir müavini qeyd etdi ki, bu sahə çoxlu maddi vəsait tələb edir. O dedi ki, Azərbaycanda çoxlu zavod tikilir və onlar ən müasir avadanlıqla təchiz olunur. Eyni zamanda ölkəmizdə bərk tullantıları emal edən zavod da inşa olunub.

 

Çıxışlardan sonra layihə çərçivəsində qalib gələn şirkətlərin təqdimatı keçirildi. Bundan sonra, Polşa şirkətlərinin azərbaycanlı sahibkarlarla və dövlət strukturlarının nümayəndələri ilə görüşləri baş tutdu.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova