Ukrayna Rusiyadan idxal edilən 43 adda məhsula qadağa qoydu
Ukrayna hökuməti yanvarın 10-dan etibarən ölkə ərazisinə gətirilməsi qadağan ediləcək Rusiya istehsalı olan ərzaq məhsullarının siyahısını təsdiqləyib. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, sözü gedən siyahıya 43 adda müxtəlif ərzaq növü, o cümlədən un və qənnadı məmulatları, ət və ət məhsulları, balıq, qəhvə, çay, uşaq qidaları, siqaret, spirtli içkilər daxildir. Bundan əlavə hökumət yanvarın 2-dən başlayaraq Rusiyadan idxal olunan məhsullara tətbiq edilən gömrük tariflərinin artırılması barəsində qərar qəbul edib. Bununla da iki ölkə arasındakı azad ticarət rejimi öz qüvvəsini itirmiş hesab olunur. Qeyd edək ki, dekabrın 30-da Ukrayna prezidenti Pyotr Poroşenko "Xarici iqtisadi fəaliyyət haqqında" qanun layihəsini imzalayıb. Həmin qanunda Ukraynanın rəsmi Moskvanın sanksiyalarına qarşı cavab tədbirləri görməsi təsbit edilib.