Gəncə sakinindən silah, marixuana, tiryək götürülüb
Gəncədə qanunsuz narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, idarənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər sakini, 1973-cü il təvəllüdlü Xəqani Zeynalov yaşadığı binanın qarşısında şübhəli şəxs qismində saxlanılıb. İdarəyə gətirilən X. Zeynalovun üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən sellofana bükülmüş 28,2 qaram tiryək aşkar olunaraq götürülüb. Onun yaşadığı ünvana baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, üzərində olan sandıqça və 3 ədəd güllə ilə birlikdə 1 kiloqram 50 qram tiryək və ümumi çəkisi 29 kiloqram olan marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb. Xəqani Zeynalov tapançanı tapdığını, narkotik vasitəni isə özü istifadə etmək üçün İrandan gətirdiyini bildirib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.