İtkin düşən daha bir neftçinin meyiti tapıldı

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən daha bir neftçinin meyiti ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

 

APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda "Kursor" gəmisi kişi cəsədi aşkar edib.

 

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Topaz Leqenda" gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədin üzərində olan xilasedici geyimində "Azneft" yazısı müəyyən edilib.

 

Xatırladaq ki, ötən ilin dekabrın 4-də "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Hazırda itkin düşən neftçilərin axtarışları davam etdirilir.

 

Müəllif | Apa.Tv