Azərbaycanda stadionun tribunasının dam örtüyü çökdü

Güclü qar çovğunu Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunda çardağın uçmasına səbəb olub.

 

APA TV-nin Qarabağ müxbiri xəbər verir ki, 1500 yerlik tribunanın çardağı tamamilə uçub.

 

Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA TV-yə stadionun dekabr ayının 25-dən təmirə dayandırıldığını deyib.

 

“Beyləqan şəhər stadionu uzun illər baxımsız vəziyyətdə olub. 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir işləri aparıldı. Ötən ilin sonunda dam örtüyündə yaranan nasazlıq səbəbindən yenidən təmir işlərinə başlandı. Ötən gün axşam saatlarında isə qar çovğunu dam örtüyünün uçmasına səbəb olub. Fəsadları aradan qaldırırıq, yenidən təmir işləri aparılır”, - deyə o bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv