Astarada mikroavtobus piyadanı vurub öldürdü

Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.

 

Astaranın Şahağacı kənd sakini, iki uşaq atası olan 28 yaşlı Zamin Zahir oğlu Həsənov yolu keçmək istəyərkən Lənkəran rayonunun Digah kənd sakini İzzət Qurban oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı, 42 BK 492 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Yol polisi əməkdaşları qəzanın baş verdiyi ərazini müayinə ediblər. İlkin versiya kimi hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir. Qəzanın dəqiq səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv