Səfir Daşqın Şikarov APA TV-yə danışdı: “Zəlzələdən dərhal sonra Pakistana yardım təklif etmişik”- EKSKLÜZİV
Pakistanda baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə APA TV-yə açıqlama verən ölkəmizin Pakistanda fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov hazırda bu ölkədə 38 Azərbaycan vətəndaşının konsulluq qeydiyyatında olduğunu deyib. Həmin şəxslərdən 8 nəfər hazırda Bakıdadır, digər 30 nəfərlə zəlzələdən dərhal sonra əlaqə saxlanılıb. Məlum olub ki zəlzələ nəticəsində heç bir Azərbaycan vətəndaşı xəsarət almayıb.
Səfirlik son günlər konsulluq qeydiyyatında olmayan soydaşlarımızın həmin əraziyə səfər edib-etməməsi ilə də maraqlanıb. Səfir Daşıq Şikarovun sözlərinə görə, göndərilən sorğuya cavab olaraq bildirilib ki, ölənlər arasında yalnız bir xarici vətəndaş var və o azərbaycanlı deyil. Diplomat Azərbaycan hökumətinin Pakistana yardım təklif etdiyini də bildirib.
“Azərbaycanın fövqəladə hallar naziri yardımla bağlı təklif edib. Biz də Pakistan tərəfinə cənab Kəmaləddin Heydərovun təklifini çatdırmışıq. Pakistan tərəfindən cavab gözləyirik. Hər hansı yardıma ehtiyac olarsa, siyahı hazırlanacaq və Azərbaycan hökuməti müvafiq yardım göstərəcək”.
Xatırladaq ki, sentyabrın 24-də Bakı vaxtı ilə 05.00 radələrində Pakistanın Bəlucistan əyalətində 7.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı 173 nəfər həlak olub, 360 nəfər yaralanıb. Yeraltı təkanlar Bəlucistanda çoxsaylı dağıntılara səbəb olub.