Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdi

Şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.

 

APA TV-nin məlumatına  görə, İran polisi etirazçıları səfirliyin ərazisindən çıxarmağa müvəffəq olub. Lakin bir çox etirazçılar binanın qarşısında etiraz aksiyasını davam etdiriblər.

 

Məlumata görə, Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna da hücum olub.  Etirazçılar burada da binaya od vurmağa cəhd ediblər, nəticədə bir neçə otağın yandığı bildirilir.

 

İraqın paytaxtı Bağdadda isə Səudiyyə Ərəbistanının səfirliyinə raketlə hücum edilib. Raketin səfirliyin binasına yaxın ərazidən atıldığı bildirilir. Bina tüstülənərkən bir vertolyot səfirliyin binası üzərində uçmağa başlayıb.

 

Bu gərginlik fonunda Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib. Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr bildirib. Nazir İranla diplomatik əlaqələrin dayandırıldığını bildirib. Eyni zamanda Səudiyyə Ərəbistanındakı iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

 

Məlumat üçün qeyd edək ki, Şeyx Nimr ən-Nimr 2012-ci ildə Səudiyyə Ərəbistanının şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

 

Yanvarın 2-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əz-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.

 

Müəllif | Apa.Tv