İŞİD yeni edam videosu yaydı

İŞİD terror qruplaşması Böyük Britaniya kəşfiyyatına çalışdığı iddia edilən 5 nəfərin edam görüntülərini yayıb.

 

APA TV-nin məlumatına görə, terrorçular 10 dəqiqəlik videoda Britaniyanın baş naziri Devid Kemerona müraciət yollayıblar.

 

İngiliscə Britaniya ləhcəsi ilə danışan terrorçu baş naziri "Ağ Evin köləsi" və "yəhudilərin qatırı" adlandırıb.

 

Edam edildiyi bildirilən "casuslara" qırmızı rəngdə köynək geyindiriblər və onlar "etiraf ediblər" ki, Britaniya xüsusi xidmət orqanlarına işləyiblər.

 

Daha sonra onları cəlladın önündə diz üstə çökdürüblər. Terrorçulardan biri bildirib ki, onlar öz hökumətləri tərəfindən tərk ediliblər. Daha sonra terrorçulardan biri Britaniyanı işğal edərək, şəriət qanunlarına tabe edəcəklərini deyib: "Siz İraq və Əfqanıstandakı kimi uduzacaqsınız".

 

Video edamdan öncə başa çatır. Sonda Britaniya ləhcəsi ilə danışan azyaşlı oğlan deyir: "Biz orda bütün kafirləri öldürəcəyik".

Müəllif | Apa.Tv
Apa.tv