Biləsuvar sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçdi - "DONUZ QRİPİ" TƏHLÜKƏSİ
Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.
APA TV-nin cənub bürosunun məlumatına görə, buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna ("donuz qripi") yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir.
Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır.
Qonşu İran İslam Respublikasından ölkəmizə daxil olan yük maşınlarının sürücüləri də sərhəd-keçid məntəqəsindəki qabaqlayıcı tədbirlərin zəruri olduğunu deyirlər.
Qeyd edək ki, Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə "donuz qripi"nin deyil, digər yoluxucu xəstəliklərin də qarşısını almaq məqsədi daşıyır.
Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Raqif Abdullayev APA-ya açıqlamasında deyib ki, “donuz qripi” ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb və “Qaynar xətt”ə “donuz qripi” ilə bağlı müraciət daxil olmayıb.