Gəncədə 4 dəfə məhkum olunan şəxs yenidən tutuldu

Gəncədə qanunsuz narkotik vasitə saxlayan şəxs saxlanılıb.

 

Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, idarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1968-ci il təvəllüdlü Gəncə şəhər sakini Xaliq Cəlalov şübhəli şəxs kimi saxlanılıb.

 

Müstəntiq Elçin Əzizovun sözlərinə görə, idarəyə gətirilən Xaliq Cəlalovun üzərinə baxış keçirilib: "Üzərinə baxış keçirərkən üzərindən güclü təsiredici narkotik vasitə olan 102 qram çəkidə tiryək aşkar edilərək götürülüb".

 

Saxlanılan şəxsin evinə baxış zamanı oradan ümumi çəkisi 5 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb. Xaliq Cəlalov tiryəki Lənkəranda tanımadığı şəxsdən aldığını, marixuananı isə Gəncənin yaxınlığından yığdığını bildirib.

 

Məlumata görə, Xaliq Cəlalov müxtəlif vaxtlarda Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə 4 dəfə məhkum olunub.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli