Ağsuda avtomobil sürüşüb çaya düşdü
Ağsu rayonunda yolun buz bağlaması avtomobilin çaya düşməsinə səbəb olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhəri ərazisindən keçən hissəsində, Ağsuçayın üzərindəki körpüdə baş verib.
Şamaxı rayon sakini Hamlet Bünyatov özünə məxsus “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın Ağsu çayının üzərindəki körpünün kənarında dəmir məhəccəri qıraraq və elektrik dirəyini aşıraraq çaya düşüb.
7 metr hündürlükdən Ağsuçaya düşən avtomobil tamamilə əzilərək yararsız vəziyyətə gəlib. Hadisə nəticəsində sürücü Hamlet Bünyatov və sərnişini, 36 yaşlı Amil Qulaməli oğlu Bünyatov Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda hər iki yaralının vəziyyəti ağır olaraq qalır. İlkin məlumata görə, hadisəyə yolun buz bağlaması və avtomobilin sürətlə hərəkət etməsi səbəb olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.