Balakəndə zavodda partlayış: 1 ölü, 2 yaralı
Balakəndə “Azəryem Sənaye” MMC-yə məxsus zavodda partlayış baş verib. Zavodun ərazisində yerləşən qazanxanadakı partlayış nəticəsində 1 nəfər hadisə yerində ölüb, 2 nəfər isə müxtəlif xəsarətlərlə Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Rayon hüquq-mühafizə orqanlarından APA TV-nin yerli bürosuna verilən məlumata görə, “Azəryem Sənaye” MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayış nəticəsində orada işləyən Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyev hadisə dünyasını dəyişib. Digər işçilər - Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalov və Qazma kənd sakini, 1982-ci il təvəllüdlü Anar Süleyman oğlu Bozurov isə xəsarət alıblar.
İstilik sistemləri üzrə mütəxəssis İsa Əsgərov və zavodun direktoru Harun Muradov hadisə yerində çəkiliş aparan jurnalistlərə yem zavodunun qazanxanasında baş verən partlayışın ilkin səbəbləri barədə məlumat veriblər.
İsa Əsgərov, istilik sistemləri üzrə mütəxəssis: “Qazanxanada qazanın üzərinə yerləşdirilmiş qoruyucu klapanın işləməməsi nəticəsində qazanda yüksək təzyiq əmələ gəlib və partlayış baş verib. Səbəb qoruyucu klapanın işləməməsidir”.
Harun Muradov, zavodun direktoru: “Hər gün olduğu kimi, bu gün də qazan texniki təhlükəsizlik baxımından yoxlanılıb. Lakin qazan yandırıldıqdan sonra içərisində güclü təzyiq yaranıb və nəticədə partlayış baş verib".
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Novruz Nastakalov və Anar Bozurov Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin sabitləşməsi üçün bütün tibbi prosedurlar həyata keçirilib.
Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.