Bakının mərkəzində dəhşətli qətl - BAR MÜBAHİSƏSİ

Ötən gecə Bakıda törədilmiş qətllə bağlı bəzi detallar məlum olub. APA TV-nin məlumatına görə, qətllə nəticələnən mübahisə Bülbül prospektində yerləşən “Kofein-klub”dan başlayıb.

 

1980-ci il təvəllüdlü Sadiq Fətullayev və 1989-cu il təvəllüdlü Tural Abbasov səhər saat 6.00 radələrində klubda hələlik bəlli olmayan səbəbdən mübahisə ediblər. Sonra hər iki şəxs küçəyə çıxıb və mübahisəni “Sahil” metro stansiyası yaxınlığındakı 1 saylı qadın məsləhətxanasının qarşısında davam etdirib. Bu zaman 36 yaşlı Sadiq Fətullayev 27 yaşlı Tural Abbasova kəsici-deşici alətlə xəsarət yetirib. O, Turalı yaralı vəziyyətdə qoyaraq, hadisə yerini tərk edib.

 

Yaralı Tural Abbasov yerdə qalsa da, ona yardım edən olmayıb və təxminən 20-25 dəqiqə sonra qan itirməsi nəticəsində dünyasını dəyişib. Onun meyitini Bülbül küçəsində işləyən xadimələr aşkarlayıblar və hadisə barədə polisə xəbər verilib.

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qətlə yetirilən Tural Abbasovla hadisəni törədən Sadiq Fətullayev daha əvvəldən tanış olublar. Onlar tez-tez “Kofein-klub”a əylənməyə gəlirlərmiş.

 

Hadisə yerini tərk edən Sadiq Fətullayev bir neçə saat sonra polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

Hadisənin baş verdiyi “Kofein-klub” isə fəaliyyətini dayandırıb. 

Müəllif | Apa.Tv
Apa.tv