Lənkəranda maşın motosikleti vurdu: ölən və yaralanan var

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şosesinin rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

 

Masallı rayonunun Mahmudavar kənd sakini, 28 yaşlı Amid Dünyamalı oğlu Dostəliyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobili Lənkəranın Separadi kənd sakini, 61 yaşlı Ayaz Salayevin idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

 

Güclü zərbədən motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Motosikletin qoşqu yerində əyləşmiş sürücünün yaxın qohumu, rayonun Boladi kənd sakini, 43 yaşlı Həmzə İspərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv